Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

AĞAYEV FAİQ ALIŞ oğlu

Faiq Alış oğlu Ağayev 1969-cu ilin iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində zəhmətkeş bir ailədə doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, Sovet Ordusu sıralarında layiqli xidmət yolu keçmişdir.

1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına qəbul olunur. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan günləri başlayır.

1991-ci ilin dekabr ayının 23-də Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri isə erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.

Kənd əhalisini xilas etmək üçün özünü güclə çatdırmış döyüşçülərimiz kəndin kənarındakı evlərdə mövqe tutdular. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.

Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas etdi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Ağayev Faiq Alış oğluna (ölümündən sonra)"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

F.Ağayev Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.