Namiq Müslüm oğlu Allahverdiyev 1967-ci ilin oktyabr ayının 5-də Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə Beyləqan şəhərindəki 1 saylı orta məktəbi bitirdikdən sonra fotoqraf kimi əmək fəaliyyətinə başlamışdır.
1985-ci ildə N.Allahverdiyev hərbi xidmətə çağırılmışdır. 1987-ci ildə xidmətini Moskva şəhəri ətrafında başa vuraraq, ata yurduna dönmüşdür.
1988-ci ildə başlanan Qarabağ münaqişəsi getdikcə dərinləşir, əsl müharibəyə çevrilirdi. Ayrı-ayrı bölgələrdə yerli əhali könüllü müdafiə dəstələri yaradaraq, torpaqların müdafiəsinə qalxırdı. Könüllü müdafiə dəstəsinə ilk yazılanlardan biri də Namiq oldu. O, şərəfli döyüş yolunu 1990-cı ildə Qubadlı rayonunun Əliquluuşağı kəndindən başladı. N.Allahverdiyev neçə-neçə səngər yoldaşını itirsə də, heç vaxt ruhdan düşmür, hər yerdə azğın düşmənə layiqli cavab verməyə çalışırdı.
N.Allahverdiyev 1991-ci ilin avqust ayının 31-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunmuş və yenidən döyüş meydanına atılmış, Şuşanın müdafiəsində fəal iştirak etmişdir. Cəsur əsgər Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmaqla yanaşı, ermənilər tərəfindən əsir alınmış azərbaycanlıların geri qaytarılmasında da yaxından iştirak etmişdir.
Onun axırıncı döyüşü Tərtər rayonunda olmuşdur. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı parlaq qələbələr düşməni pərən-pərən salmışdı. Marquşevan, Həsənqaya, Malalan, Birinci və ikinci Çaylı kəndləri artıq düşmən tapdağından azad edilmişdi. 9 iyul 1992-ci ildə erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum etdilər. Namiq düşməni qabaqlamaq üçün döyüşçü yoldaşları ilə birlikdə yüksəkliyə qalxıb mövqe tutdu. Elə bu vaxt güclü partlayış eşidildi. Tankdan atılan mərmi Namiqin həyatına son qoydu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Subay idi.
N.Allahverdiyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Beyləqan şəhərindəki 1 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Rayon mərkəzində N.Allahverdiyevin büstü qoyulmuşdur.