Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətinə

Hörmətli həmkarlar!

Sizi Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Ümummilli lider Heydər Əliyevin xalqın xilası missiyasını öz üzərinə götürdüyü 1993-cü il iyunun 15-i dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Ölkəmizin taleyində dönüş anı olan həmin dövrdə ayrı-ayrı silahlı dəstələrin kriminal əməlləri, vətəndaş müharibəsi, separatçılıq və parçalanma meyilləri kimi dövlətin varlığına son qoya biləcək təhdidlərlə üzləşmiş Azərbaycanın müstəqilliyi məhz ulu öndərin qətiyyəti, müdrikliyi ilə qorunub saxlanılaraq əbədi və dönməz xarakter almış, davamlı sosial-iqtisadi inkişafın əsasları formalaşdırılmışdır.

Bu keşməkeşli illərdə milli dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında yaxından iştirak edən daxili işlər orqanları Heydər Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin yaranmasına, qanunçuluğun bərpasına layiqli töhfələr vermiş, tarixi sınaqlardan şərəflə çıxaraq mətinləşmiş, çevik və peşəkar hüquq mühafizə orqanı səviyyəsinə yüksəlməyə nail olmuşdur.

İndi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə xalq – iqtidar birliyinə söykənən sabitlik etibarlı təmin olunur və günbəgün möhkəmlənir. Əminəm ki, siz anda və Heydər Əliyev ənənələrinə sadiq qalaraq həmişə dövlətçiliyin keşiyində əzmlə dayanacaq, Vətənə və xalqa şərəflə xidmət edəcəksiniz.

Bu əlamətdar gündə sizə, həmçinin veteranlarımıza, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərinə möhkəm cansağlığı, səadət və uğurlar arzulayıram.


Vilayət Eyvazov
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik