Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Onlar Vətənə and içdilər

Sentyabrın 19-da Qarabağda keçirilən antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Daxili Qoşunların hərbi qulluqçusu, polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğludur. Ömrü yarıda qalsa da igidimizin keçdiyi döyüş yolu daim xatırlanacaq, adı Vətəni bütövlüyünə qovuşduranların sırasında fəxarətlə çəkiləcək.

Şəhid hərbi qulluqçumuz 1980-ci ildə Şirvan şəhərində doğulub. Uşaqlıq arzusuna çatmaq üçün orta məktəbi bitirdikdən sonra 1995-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub. 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra qarşısına çıxan hər bir çətinliyin öhdəsindən gələcəyinə, özgüvən hissinin onu uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparacağına inanıb. 2002-ci ildə məzun olub və müvafiq ixtisasa yiyələnib. Biliyini, bacarığını təkmilləşdirmək, peşəkar mütəxəssis kimi yetişmək üçün Daxili Qoşunların Qala Tədris Mərkəzində 9 aylıq kurs keçib. Sonra müxtəlif hərbi hissələrdə taqım komandiri, bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, hərbi hissənin qərargah rəisinin döyüş təlimi üzrə müavini, hərbi hissənin əməliyyat taborunun komandirinin müavini, qərargah rəisi, tabor komandiri və patrul taborunun komandiri vəzifələrində xidmət edib. Xidmət illərində bir çox medallara, o cümlədən "Qüsursuz xidmətlərə görə", "Xidmətdə fərqlənməyə görə" və yubiley medalları ilə təltif olunub.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda R.Hüseynov silahdaşları ilə birgə xidmətə yollanıb və ordumuzun qüdrəti ilə fəxr edib.

Polkovnik-leytenant Rəşad Hüseynov 2021-ci ildə Gəncə şəhərindəki "N" saylı hərbi hissədə dəstə komandiri vəzifəsinə təyin olunub.
Onu tanıyanlar deyir ki, o, dava, mücadilə adamıydı. Tabeliyində olan şəxsi heyəti də qorxmaz, cəsur yetişdirmək üçün bütün varlığını səfərbər etmişdi. "XXI əsrin əsgəri savadlı olmalı, verilən bütün tapşırıqların öhdəsindən gələrək qarşıya çıxan hər bir çətinlikdən çıxış yolu tapmalıdır". Bu fikirlər onun komandir kimi devizi idi. Yaşamaqla ölüm arasında gözlə görünən və insanı əbədiyyətdən üz çevirməyə vadar edən qorxunun sərhədini keçmək üçün daha bir müqəddəs döyüş tapşırığını yerinə yetirməyə hər an könüllü olub.

Arzusu bu ilin sentyabrın 19-da gerçəkləşib. Azərbaycan Ordusu tərəfindən Qarabağ İqtisadi Rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı peşəkar zabit kimi paqondaşları ilə döyüşlərə qatılıb polkovnik-leytenant R.Hüseynov.
Xankəndinə, Xocalıya, Xocavəndə və Ağdərəyə bayraq sancmaq üçün igid oğullarımıza günlər, aylar lazım olmayıb. Cəmi 23 saat 43 dəqiqəyə separatçılar ağ bayraq qaldıraraq təslim olublar.

Ancaq...
Bu antiterror tədbirlərində itkilərimizin olduğu barədə xəbərləri xalqımız böyük bir hüznlə qarşılasa da sevinclə kədər qoşa qanad kimi üçrəngli bayrağımızı enməyə qoymadı. Şəhidimiz Şirvan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.