Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — ARAZOV ƏNVƏR TALIŞ oğlu

Ənvər Talış oğlu Arazov 1953-cü ilin dekabr ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Üzərində cərrahiyyə əməliyyatı aparıldığı üçün o, orta məktəbdə təhsilini davam etdirə bilməmişdir. Sonralar texniki-peşə məktəbində oxumuşdur.

Ə.Arazov ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlamışdır. O, bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirmişdir.

1974-cü ildə Ə.Arazov Sovet Ordusu sıralarına çağırılmışdır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə - Gəncəyə qayıtmışdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirmişdir. Ənvər Arazov 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmişdir.

1988-ci ildən başlayaraq azğın erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumlar edirdilər.

Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd- yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov erməni millətçilərinə qarşı barışmaz mövqedə dayanmışdı. Xalq Hərakatının ilk günlərindən onun səsi gah mitinqlərdən, gah da cəbhə bölgələrindən gəlirdi. O, erməni quldurları ilə açıq döyüşə girmək üçün Daxili İşlər orqanlarına daxil oldu və ilk günlərdən silaha sarıldı. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə uğurlu əməliyyatlar keçirdi, əsgərlərimizin düşmən mühasirəsindən çıxarılmasında böyük fədakarlıq göstərdi.

1992-ci ilin noyabr ayının 2-də Ə.Arazovun son döyüşü oldu. O, noyabr ayının l-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ölüm-dirim savaşına girdi. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərdi və qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Arazov Ənvər Talış oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Ə.Arazov Gəncə şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.