Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — ABDULLAYEV RÖVŞƏN ƏBDÜLHÜSEYN oğlu

Ailəsinin son beşiyi olan Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu ilin yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdu. Lerik rayonunda birinci sinfə getmiş, orta təhsilini isə Astara şəhər 1 saylı orta məktəbində başa vurmuşdu. Sonralar ailəsi Lənkərana köçmüşdü.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. Lakin o, təkidlə təyinatını Azərbaycana dəyişdirir.

O, Azərbaycana qayıdan kimi Respublika DİN-nin nəzdindəki Daxili Qoşunların tərkibində fəaliyyətə başlayır.

Bu o vaxtlar idi ki, Azərbaycan ağır, gərgin günlərini yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. Əli silah tutan oğullarımız bu ulu yurdun xilasına tələsirdi. Rövşən də, təbii ki, bu haqq yolunda mübarizədən kənarda qalmaq istəməzdi. O rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. Gənc zabit bir müddətdən sonra Zəngilana göndərilir. Komandiri olduğu taqımın tərkibi 70 nəfərdən ibarət idi. Onlar Zəngilan rayonunun kəndlərini erməni faşistlərindən qoruyurdular.

Rövşənin başçılıq etdiyi dəstə öz qəhrəmanlığı, şücaəti ilə ad çıxarmışdı. Məhz bu gənc zabitin köməyilə düşmənin Qafan rayonunda yerləşən bir neçə mühüm strateji əhəmiyyətli obyekti məhv edildi.

1992-ci ilin sentyabr ayının 13-də Rövşənin son döyüşü oldu. Düşmən qəflətən Zəngilanın Qazançı kəndinə hücuma keçmişdi. Rövşən bir dəstə döyüşçü yoldaşı ilə "QAZ-66" markalı maşına əyləşib təcili olaraq kəndə yollandı. Maşın kəndə çatanda onlar kəndin beş kilometrliyində düşmənin PDM-i və piyadaları ilə üz-üzə gəldilər. Erməni quldurları Rövşənin dəstəsini güclü atəşə tutdular. Güllələr dolu kimi Rövşəngilin üstünə yağırdı. Rövşən artıq başa düşmüşdü ki, belə getsə o özü də, bütün döyüşçüləri də tezliklə məhv olacaqlar. Gənc leytenant yoldaşlarına əmr etdi ki, yaxınlıqdakı meşəyə çəkilsinlər. Özü isə təkbaşına düşmənin qabağını kəsib onların hücüma keçməsiunə imkan vermədi. Erməni faşitləri ilə əsl olüm-dirim savaşı gedirdi. Erməni yaraqlıları məqsədlərinə çata bilmədiklərini görüb daha artıq qızğınlıqla irəliləyirdilər. Rövşən əvvəlcə qolundan, sonra isə budundan ağır yaralandı. Lakin bir an da olsun, silahı yerə qoymurdu. Yoldaşları birtəhər komandirlərini döyüş meydanından çıxara bildilər. Onu Zəngilan rayon xəstəxanasına çatdırsalar da, gec idi. Çoxlu qan itirdiyindən Rövşən gözlərini əbədi yumdu.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə leytenant Rövşən Əbdülhüseyn oğlu Abdullayevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

R.Abdullayev Lənkəran şəhər qəbristanlığmda dəfn edilmişdir. Lənkəran şəhərində Qəhrəmanın abidəsi qoyulmuşdur. R.Abdullayevin adına Lerikdə mədəniyyət evi və küçə verilmişdir.